Vətən Müharibəsindən keçən bu 40 gün, düşmən üzərində qələbələrimizin Azərbaycanın tarixinə yazılan şərəf və qürur səlnaməsidir. 28 illik arzumuz həyata keçdi, Şuşamız işğaldan azad olundu. Azərbaycanda heç vaxt indiki qədər ruh yüksəkliyi, milli birlik, dövlətə, orduya, Ali Baş Komandana sevgi olmayıb. Qeyri-adi, möcüzəvi proseslərə şahidlik edirik.
Bunu hafta.az-a media kapitanı, politoloq Aynur Camalqızı Qarabağ Müharibəsindən keçən 40 gün ərzində ordumuzun əldə etdiyi qələbələr, Şuşanın azadlığının ölkə ictimaiyyəti, eləcə də beynəlxalq aləmə ötürdüyü mesajların mahiyyətini şərh edərkən bildirib.
A.Camalqızı hesab edir ki, bu günlər Azərbaycan ötən 30 ildə Qarabağda yaşadığımız məyyusluğun, məhrumiyyətlərin əvəzində bir ucalma, yüksəlmə mərhələsinə daxil oldu. Ona görə də bu gün işğaldan azad olunan torpaqlarımızla bağlı ifadə edilməsi çətin olan çox gözəl hisslər, duyğular yaşayırıq:
“Qısa müddət ərzində Şuşa da daxil olmaqla 5 rayonumuzu, 3 qəsəbəmizi 200-dən artıq kəndimizi azad elədik. 40 gün əvvələ qədər bu bizim üçün bir yuxu, xəyal idi. Təsəvvür edin ki, bizim 30 illik arzumuz bu 40 günün içində reallaşır. Biz artıq dünən Şuşanın azad olunması xəbərini aldıq, Laçının, Xankəndinin, Xocalının, Ağdamın, Kəlbəcərin azad olunması xəbərlərini gözləyirik. Hər an gözümüz televiziya kanallarında, sosial şəbəkələrdədir, Ali Baş Komandanın bizə şad xəbərləri çatdırmasını böyük səbirsizliklə gözləyirik. Düşünürük ki, Ali Baş Komandanımızdan hər an o qələbə müjdəsini ala bilərik. Həddən artıq möhtəşəm, təsvirəgəlməz günlər yaşayırıq. Bu, Azərbaycan xalqının, dövlətinin, bayrağının ucalmasıdır. Bu, eyni zamanda Azərbaycan dövətinin dünyadakı nüfuzunun fərqli bir müstəviyə yüksəlməsidir”.
Politoloq bildirib ki, məlum güclər bizi danışıqlara məcbur edilmiş, məğlub bir xalq, dövlət kimi tanıtdırmaq istəyirdi. Lakin Azərbaycan ordusu, bu ləkəni üzərimizdən atdı və biz artıq dünyanın qalib ölkələri və qalib xalqları siyahısına daxil oluruq.
A.Camal bu gözəl tarixi bizə yazanların Azərbaycan ordusu, Azərbaycanın Ali Baş Komandanı olduğunu böyük şərəf hissi ilə qeyd edib. Onun fikrincə, bizim onlara olan minnət borcumuz dünya durduqca duracaq:
“Biz bu gün sosial şəbəkələrdə paylaşılan şəhid şəkillərini görürük. Neçə say-seçmə oğullarımız, yaraşıqlı igidlərimiz şəhid olurlar. Bir gözümüz ağlayır, bir gözümüz gülür. Qələbə xəbərlərinə sevinirik, amma cəbhədə balalarımız şəhid olur. Bu çox ağrılıdır. Təbii ki, bu ağrını hələ bütünlüyü ilə hiss edə bilmirik. Çünki yaramız təzədir və daha çox qələbə əhval-ruhiyyəsinə köklənmişik. Amma müharibə bitəcək, bayrağımız uca zirvələrdə dalğalanacaq, düşməni cəbhədə təslim olmağa məcbur edəcəyik, onlar sülh danışıqları masasında da məğlub olacaqlar. Ondan sonra ağrılarımızı daha çox hiss edəcəyik. Azərbaycan xalqı həm də o ağrılara hazır olmalıdır”.
A.Camal bildirib ki, Azərbaycan öz torpaqları uğrunda Vətən Müharibəsi aparır. Prezident Azərbaycanın haqq səsini ən uğurlu şəkildə dünya mediasına çatdırır. Amma ikilistandartlar qalır, təəssüf ki, Ermənistana qarşı iqtisadi və siyasi sanksiyaların tətbiq olunması mexanizmləri müzakirə olunmur.
A.Camal qeyd edib ki, əslində bizim ordu beynəlxalq aləmin masa üzərində icrasız qalan qətnamələrini, qərarlarını döyüş meydanında həyata keçirməklə məşğuldur:
“BMT-nin Ermənistan qoşunlarının Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı 4 qətnaməsini özümüz həyata keçiririk. Eyni zamanda, bizim ərazi bütövlüyümüzlə bağlı digər mötəbər təşkilatların - Avropa Şurasının, Avropa İttifaqının, NATO-nun məlum sənədləri var. Eləcə də, münaqişənin həlli missiyası ilə məşğul olmalı olan ATƏT-in Minsk Qrupu var. Çox təəssüflər olsun ki, həmin o Qrupun həmsədrləri bu 30 ildə bölgəyə yalnız turistik səfərlər etməklə kifayətləniblər. Onlar münaqişənin həlli ilə bağlı heç bir iş görməyiblər. Müharibə başladığı günlərdə də biz bu beynəlxalq təşkilatların Azərbaycana münasibətində bir ədalətli mövqe görmürük. Çünki Azərbaycana qarşı hərbi təxribatlar edən Ermənistanın hərbi qüvvələrinə qarşı heç bir sərt tədbir görülmədi. Düzdür, ortada müəyyən mövqelər var. Amma yenə də işğala məruz qoyulan Azərbaycanla, işğalçı Ermənistan arasında bərabərlik işarəsi qoyulur. Torpaqları işğal altında olanla işğalçıya eyni gözlə baxmaq olmaz. Azərbaycanın mülki yaşayış məntəqələri bombalanır, raket atəşinə tutulur, döyüş bölgəsindən uzaqda olan şəhərlərimizə, yaşayış ərazilərinə beynalxalq konvensiyalara görə qadağan olunmuş ballistik raketlər atılır. Təəssüf ki, buna qarşı ədalətli və adekvat münasibət görmürük. Beynəlxalq hüquq Ermənistan tərəfindən ayaqaltı edilir”.
Politoloq hesab edir ki, bu gün beynəlxalq təşkilatların Azərbaycana qarşı bu qərəzli münasibətinin heç bir əhəmiyyəti qalmayıb:
“30 ildir beynəlxalq təşkilatlardan ədalət gözləyə-gözləyə nəyə nail olmuşuq ki? İndi Azərbaycan güclüdür, Azərbaycanın güclü ordusu var. Azərbaycanın gücü və imkanı çatır ki, torpaqlarını işğaldan azad etsin və özünün ərazi bütövlüyünü, suverenliyini təmin etsin. Azərbaycanı bu yolda dəstəkləyən dost dövlətlər var və bu bizə yetərlidir”.
A.Camal bildirib ki, bu gün Prezident İlham Əliyev Ali Baş Komandan kimi ön cəbhədə hansı uğurlu işləri həyata keçirirsə, arxa cəbhədə də eyni fədakarlıqla o işləri aparır. Politoloq vurğulayıb ki, bu gün dünyada gücü ilə öyünən erməni diasporu, lobbisi Azərbaycan Prezidentinin qarşısında zəif görünür. Bunun bir səbəbi Prezidentin həddən artıq hazırlıqlı olması, böyük siyasətçi, böyük dövlət adamı olması, intellektual səviyyəyə malik olmasıdırsa, digər səbəbi də bizim ədalətli olmağımızdır:
“Biz heç bir xalqın, millətin ərazisinə keçməmişik, biz heç bir xalqa qarşı qətliam həyata keçirmirik. Biz sadəcə öz ərazi bütövlüyümüzü bərpa etməyə çalışırıq. Düşünürəm ki, bugünkü qələbələrimizdə bunun çox ciddi rolu, təsiri var. Ona görə də Prezident İlham Əliyevin verdiyi müsahibələr, açıqlamalar, sosial şəbəkələrdəki çıxışları dünya tərəfindən kifayət qədər maraqla qarşılanır və bu, Azərbaycana olan münasibəti tədricən yaxşıya doğru dəyişdirəcək. Ermənilərin dünyada yaratdığı o məzlumluq mifi sürətlə dağılır. Çünki onlar bir yandan özlərini məzlum göstərir, digər yandan da mülki insanlarımızı gülləbaran edirlər. Təbii ki, dünya bunu görür və bu müharibədən sonra nəhayət, ədalətli mövqe özünü göstərəcək”.